Bu il Azərbaycan boksçuları yeddi mötəbər yarışda mübarizə aparacaqlar.
Bu sözləri Azərbaycan Boks Federasiyasının yeni seçilmiş prezidenti Sahil Babayev fevralın 9-da təşkil olunan mətbuat konfransında deyib.
Azərbaycan Boks Federasiyasının qarşıya qısa, orta və uzunmüddətli hədəflər qoyduğunu bildirən S.Babayev cari ildəki yarışlarda boksçularımızın medallar qazanmalarının əsas məqsədlərdən olduğunu bildirib: “Orta müddətli hədəfə gəldikdə, Paris Olimpiadasında uğurla çıxış etmək əsas məqsəddir. Gənc boksçular nəslinin yetişdirilməsi federasiyanın uzunmüddətli hədəflərinə daxildir. Bu sahədə ciddi potensialımız var. Növbəti dövrdə boks sahəsində mövcud potensialdan, ənənələrdən istifadə edərək konseptual proqram hazırlamalıyıq. Yeniyetmələr, gənclər, böyüklər, qadınlar arasında boksun populyarlığını daha da artırmaq üçün xüsusi proqramlardan, silsilə tədbirlərdən istifadə etməli, regionlarda, yerlərdə istedadlı idmançıları aşkar etməliyik”.
S.Babayev beynəlxalq səviyyəli məşqçilərin kvalifikasiyasının, hakimlərin sayının artırılması, bunun üçün müvafiq təlimlərin, proqramların, stimullaşdırma tədbirlərinin görülməsi, təlim və treninqlərin təşkili və sair tədbirlərin də planlaşdırıldığını bildirib. O, idarə heyətinin yeni üzvləri ilə birlikdə qısa zamanda fəaliyyət proqramının hazırlanacağını vurğulayıb: “Boks Federasiyasının üzvləri mənə böyük etimad göstəriblər. İdarə heyətinin yeni üzvləri ilə birgə qısa dövrdə fəaliyyət proqramımızı hazırlayacaq, bu sahədə işləri davam etdirməyə çalışacağıq. İdmançılarımızın hər birinin, məşqçilərin, hakimlərin, eləcə də bu sahədə çalışan mütəxəssislərin bilik və bacarığından yararlanmalıyıq. Boks sahəsində beynəlxalq əlaqələrimizi gücləndirməli və ən yaxşı təcrübələri Azərbaycana gətirməliyik”.
Federasiya prezidenti Azərbaycanda mükəmməl boks infrastrukturunun mövcud olduğunu, əhali arasında potensialı nəzərə alaraq, bu infrastrukturu daha da genişləndirməyin vacibliyini vurğulayıb.