Pekin Qış Olimpiya Oyunlarının 4-cü günündə azarkeşlər 10 dəst medal uğrunda mübarizənin şahidi olub. Günün ilk yarışında qadın fristaylçılar qüvvəsini sınayıb. Bu idman növünün biq-eyr növündə 188,25 bal toplayan çinli Eylin Qu uğur qazanıb. Qeyd edək ki, bu, Çin tarixində biq-eyr yarışında qazanılan ilk qızıl medaldır. 187,50 bal toplayan fransalı Tös Ledö ikinci, isveçrəli Matilda Qremo 3-cü olub.
Kişilər arasında dağ xizəyi yarışının superqiqant növündə isə 1 dəqiqə 19 saniyəlik göstərici ilə avstriyalı Mattias Mayer fəxri kürsünün üst pilləsinə qalxıb. Qeyd edək ki, 31 yaşlı idmançı 2014-cü ildə Soçi, 2018-ci ildə Pxençxan Olimpiadasında qızıl medal qazanmışdı. Ondan 0,4 saniyə geri qalan amerikalı Rayan Koçran-Siql gümüş, norveçli Aleksander Omodt Kilde bürünc medala sahib çıxıb.
Qadın snoubordçular arasında keçirilən paralel qiqant slalom yarışında əfsanəvi çexiyalı idmançı Ester Ledetska çempionluq sevinci yaşayıb. Maraqlıdır ki, Ledetska iki ayrı idman növündə qızıl medal qazanan ilk qadın idmançı kimi tarixə düşüb. O, bununla yanaşı dağ xizəyi yarışında da olimpiya çempionu olub. Avstriyadan Daniela Ulbinq ikinci, Sloveniyadan Qloriya Kotnik 3-cü yeri tutub. Kişi snoubordçuların paralel qiqant snoubord yarışında isə 5 qat dünya çempionu avstriyalı Benjamin Karl ilk olimpiya çempionluğunu bayram edib. Sloveniyalı Tim Mastnak gümüş, rusiyalı Viktor Uayld bürünc medala yiyələnib.
Hamının maraqla gözlədiyi kişilər arasında fərdi proqramda biatlon yarışında 48 dəqiqə 47 saniyəlik göstərici ilə fransalı Kenten Fiyon Maye çempion olub. Pekində qarışıq estafet yarışında gümüş medal qazanan 2 qat dünya çempionu nəhayət ki, Olimpiadada qızıl medal qazanmağı bacarıb. Ondan 14 saniyə geri qalan Belarusdan Anton Smolski 2-ci yerə sahib çıxıbsa, norveçli ikiqat olimpiya çempionu Yohannes Bö bu dəfə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Kişilər arasında 1500 metr məsafəyə konküsürmə yarışında növbəti dəfə niderlandlı idmançılar ümidləri doğruldub. Pxençxan Olimpiadasında 1000 və 1500 metr məsafəyə qaçış yarışında qızıl medal qazanan Kyeld Nöys bu dəfə 1 dəqiqə 43 saniyəlik nəticə ilə rəqiblərinə heç bir şans verməyib. Ondan 0,34 saniyə geri qalan həmyerlisi Tomas Krol ikinci olub. Cənubi koreyalı Kim Min Sok isə bürünc medal qazanıb.

Qış Olimpiya oyunlarının ən maraqlı yarışıarından olan xizəkçilərin sprint mübarizəsi bu dəfə də həyəcanlı keçib. Qadınların yarışında iki qat dünya çempionu Yonna Sudlinq karyerasında ilk dəfə olimpiya çempionu olub. Onun həmyerlisi Mayya Dalkvist ikinci, amerikalı Cessika Diqqins 3-cü olub. Kişilərin yarışında isə əfsanəvi norveçli xizəkçi Yohannes Klebo karyerasında 4-cü dəfə Olimpiya çempionu olub. Maraqlıdır ki, yarışlardan əvvəl ABŞ-ın nüfuzlu “Assoşeyted Press” nəşri Pxençxan Olimpiadasının 3 qat qalibinin bu dəfə 4 qızıl medal qazanacağını proqnozlaşdırmışdı. Sprint yarışında İtaliyadan Federiko Pelleqrino gümüş, rusiyalı Aleksandr Terentyev bürünc medala sahib çıxıb.

Körlinqin mikst yarışında İtaliya millisi olimpiya çempionu olub. Norveç yığması ikinci, İsveç millisi isə 3-cü yerə sahib çıxıb. Qadınlar arasında kirşə idmanı yarışında isə almaniyalı Natali Qeyzenberger karyerasında 5-ci dəfə olimpiya çempionluğunu qazanıb. Onun həmyerlisi Anna Berrayter fəxri kürsünün 2-ci, rusiyalı Tatyana İvanova isə 3-cü pilləsinə çıxıb.

Qadınların xokkey turnirində 4-cü turun oyunları keçirilib. A qrupunun prinsipial matçında Kanada millisi Amerika Birləşmiş Ştatları yığmasını 4:2 hesabı ilə məğlub edib. Qrupun digər oyununda isə Finlandiya seçməsi Rusiya komandasını 5:0 hesabı ilə darmadağın edib. Maraqlıdır ki, bu oyunu finlər tibbi maska ilə keçirib. B qrupunda isə Yaponiya seçməsi Çexiya millisindən 3:2 hesabıyla üstün olub. İsveç yığması isə danimarkalıları 3:1 hesabıyla üstələməyi bacarıb.
Olimpiadanın 4-cü günündən sonra medal sıralamasına gəlincə, İsveç millisi 4 qızıl, 1 gümüş və 1 bürünc medalla ilk pillədə qərarlaşıb. 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan Niderland millisi 2-ci, 3 qızıl və 2 gümüş medalla Almaniya idmançıları 3-cü yeri tutub.