Pekin Qış Olimpiya Oyunlarının 3-cü günündə idman həvəskarları 9 kompleks medal uğrunda maraqlı mübarziənin şahidi olub. Kişilər arasında snoubord yarışının sloupstayl növündə 90,96 ballıq nəticə ilə kanadalı Maksens Parro qızıl medal qazanıb. Qeyd edək ki, o, 4 il əvvəl Pxençxan Olimpiadasında bu yarışda gümüş medala sahib çıxmışdı.. Bu dəfə isə gümüş medala çinli snoubordçu Su İmin layiq görülüb. Kanadalı Mark Makmorris 3-cü olub.
Dağ xizəyi yarışının sürətli eniş növündə isə 2017-ci ildə dünya çempionu olan Bit Foyts uğur qazanıb. Pxençxanda bir gümüş və bir bürünc medal qazanan isveçrəli idmançı bu dəfə 1 dəqiqə 42 saniyəlik göstərici ilə fəxri kürsünün üst pilləsinə qalxıb. Fransalı Joan Klare 2-ci, avstriyalı Mattias Mayer 3-cü olub.
Hər olimpiadada azarkeşlərin böyük maraqla izlədiyi fiqurlu konkisürmə yarışında yenə də maraqlı mübarziə qeydə alınıb. Kamilə Vəliyevanın 4 müxtəlif rekordla yadda qaldığı yarışda Rusiya millisi 74 balla qızıl medal qazanıb. 65 bal toplayan ABŞ millisi gümüş, ondan 2 bal az yığan Yaponiya komandası bürünc medala sahib çıxıb.
Qadınlar arasında dağ xizəyi yarışının nəhəng slalom növündə isveçli Sara Hektor uğur qazanıb. 29 yaşlı idmançı 1 dəqiqə 55 saniyəlik göstərici ilə karyerasında ilk dəfə olimpiya çempionu olub. Ondan 0,28 saniyə geri qalan Federika Brinyone 2-ci, isveçrəli Lara Qut-Behrami 3-cü ən yaxşı nəticəni göstərib.
Qadınlar arasında 1500 metr məsafəyə konkiqaçışı yarışında niderlandlı İren Vüst 6-cı dəfə Olimpiya çempionu olub. 35 yaşlı əfsanəvi idmançı bu dəfə finiş xəttini 1 dəqiqə 53 saniyəyə keçib. Yaponiyalı Mixo Taqaki yarışı 2-ci, niderlandlı Antuanetta De Yonq yarışı 3-cü sırada başa vurub.
Qadınlar arasında biatlon yarışında çoxları son vaxtların yüksəlişdə olan norveçli idmançısı Marte Röyselandın çempionluğunu proqnozlaşdırdığı halda, almaniyalı Denize Herrman uğur qazanıb. Bu günə qədər yalnız 2019-cu ildəki dünya çempionluğu ilə öyünən 33 yaşlı biatlonçu 15 km məsafəni 44 dəqiqə 12 saniyəyə qət edib. Fransadan Anais Şevalye Buşe 2-ci, Marte Röyseland isə 3-cü olub.
4 il əvvəl qadınlar arasında 500 metr məsafəyə şort-trek yarışında Olimpiya çempionu olan italiyalı Arianna Fontana bu dəfə də fəxri kürsünün üst pilləsinə qalxıb. Niderlanddan Süzanne Sxültinq gümüş, kanadalı Kim Buten bürünc medala yiyələnib. Kişilər arasında 1000 metr məsafəyə şort-trek yarışını isə çinli idmançı Tsivey Jen qazanıb. Xatırladaq ki, Jen bir gün əvvəl qarışıq estafet yarışında da qızıl medala sahib çıxmışdı. Digər çinli idmançı Venlun Li gümüş medalı boynundan asıbsa, macarıstanlı Şaoan Lyu 3-cü yeri tutub.
Tramplindən tullanma yarışında isə Nika Krinjar, Timi Zayts, Urşa Boqatay və Peter Prevtsdən ibarət Sloveniya millisi 1001,5 bal toplayaraq tarixində ilk dəfə Olimpiadanın qızıl medalına layiq görülüb. Fərxi kürsürünün 2-ci pilləsinə Rusiya, 3-cü pilləsinə isə Kanada millisi yüksəlib.
Qadınlar arasında xokkey yarışında da mübarizə davam edir. A qrupunda Kanada millisi Rusiya yığmasını 6:1, İsveçrə isə Finlandiyanı 3:2 hesabı ilə məğlub edib. B qrupunda isə Danimarka Çexiyadan 3:2, İsveç Çindən 2:1 hesabı ilə üstün olub.
3-cü oyun günündən sonra İsveç millisi 3 qızıl medalla komanda hesabında liderdir. 2 qızıl, 3 gümüş 2 bürünc medalla Rusiya idmançıları 2-ci, 2 qızıl, 2 gümüş 1 bürünc medalla Niderland komandası 3-cü yerdədir.