Pekin Qış olimpiya oyunlarında mübarizə davam edir. Olimpiadanın açılış mərasimindən əvvəl körlinq, fiqurlu konkisürmə və qadınlar arasında xokkey yarışları keçirilib.

Körlinqdə mikst yarışında azarkeşlər maraqlı mübarizənin şahidi olub. 5-ci turda çempionatın favoritlərindən olan Kanada millisi İsveçrə yığmasını 7:5 hesabı ilə məğlub edib. Xatırladaq ki, bu komandalar 2018-ci ildə Pxençxan Olimpiadasında final görüşündə də üz-üzə gəlmiş və elə həmin oyunda da şimali amerikalılar rəqibini 10:3 hesabı ilə məğlub etmişdi. 5-ci turun digər oyunlarında İsveç Avstraliyanı 7:6, İtaliya isə Norveçi 11:8 hesabı ilə məğlub edib. 6-cı turda Kanada millisi meydan sahibi olan Çin yığmasından üstün olub – 8:6. Dramatik məcrada keçən oyunda Böyük Britaniya yığması Avstraliya millisini 9:8 hesabı ilə üstələyib. Digər oyunlarda Amerika Birləşmiş Ştatları komandası İsveçdən olan rəqibini 8:7, İtaliya isə Çexiyanı 10:2 udub.

Fiqurlu konkisürənlərin mübarizəsində maraqlı nəticələr qeydə alınıb. Kişilər arasında komanda yarışında qısa proqramda Amerika Birləşmiş Ştatlarını təmsil edən Neyten Çen rəqiblərini qabaqlayıb. 3 qat dünya çempionu və Pxençxan Olimpiadasının bürünc mükafatçısı 111,71 bal qazanıb. Ötən Olimpiadanın gümüş mükafatçısı yaponiyalı Syoma Uno 105,46 balla ikinci olub. 3-cü yerə çıxan rusiyalı son Avropa çempionu Mark Kondrtyuk 95,81 bal qazanıb.
Rəqs ritmi üzərində cüt yarışlarında isə amerikalı cütlük Meddison Habbellə Zakari Donohyu 85,56 balla uğur qazanıb. Rusiyalı Viktoriya Sinitsina ilə Nikita Katsapalov 85,05 balla 2-ci, İtaliyadan Şarlen Ginyarla Marko Fabbri 83,83 balla 3-cü olub. İdman cütlüyünün qısa proqramında isə rekord qeydə alınıb. Çinli fiqurlu konkisürənlər Tsuy Ventzsin və Han Tsun 82,83 bal toplayaraq dünya rekordu müəyyənləşdirib. Rusiyalı Anastasiya Mişina – Aleksandr Qalyamov cütlüyü 82,64 balla ikinci yerə çıxıbsa, 75 bal xal toplayan amerikalı Aleksa Şimeka Knirim – Breydon Frayzer 3-cü olub.

Günə xokkey yarışı ilə yekun vurulub. Qadın xokkeyçilərin mübarizəsində A qrupunun 2-ci turunda Rusiya millisi İsveçrə yığmasın 5:2 hesabı ilə üstələməyi bacarıb. B qrupunda keçirilən digər oyunda isə daha gərgin mübarizə qeydə alınıb. Danimarka ilə Çin yığmaları arasında oyunda ilk iki hissədə hər komanda yalnız bir dəfə fərqlənsə də, son periodda meydan sahibləri fəalllığı artıraraq daha 2 qol vurmağı bacarıb. Danimarka – Çin 1:3.