Almaniyanın Bavariya bölgəsində biatlon üzrə Avropa çempionatı başa çatıb.
Qroser Arber dağının zirvəsində keçirilən qitə turnirinin sonuncu günündə iki fərqli kateqoriya üzrə estafet yarışı keçirilib. Hərəyə 7,5 km məsafəni qət etmək yarışında 4 biatlonçu ilə təmsil olunan Norveç millisi 1 saat 17 dəqiqə 44 saniyəlik göstərici ilə qızıl medal qazanıb. Skandinaviyalılardan 18 saniyə geri qalan Almaniya komandası ikinci yerə çıxıb. Maraqlıdır ki, Rumıniya yığması yarışı üçüncü sırada başa vursa da, qayda pozuntusuna görə 2 dəqiqəlik cərimə ilə mövqeyini itirib. Nəticədə İsveçrə idmançıları yeri tutublar.
Supermikst yarışında isə Yevgeniya Burtasova və Anton Babikovla təmsil olunan Rusiya millisi 39 dəqiqə 10 saniyəlik nəticə ilə Avropa çempionu olub. Fransa millisi ikinci, Almaniya yığması isə 3-cü nəticə göstərib. Yeri gəlmişkən, Norveç milliisi 5 qızıl və 1 bürünc medalla komanda hesabında Avropa çemipinatını birinci sırada tamamlayıb. Rusiya yığması 2 qızıl, 3 gümüş və 1 bürünc mükafatla 2-ci, Moldova komandası 1 qızıl və 1 gümüş medalla 3-cü olub. Növbəti Avropa çempionatı gələn il İsveçrənin Lentserhayde məntəqəsində keçiriləcək.