Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunda sablya üzrə qadınlardan ibarət milli komandamız uğurla çıxış edib.
Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Amerika Birləşmiş Ştatları seçməsinə qalib gəlib 45:39. Növbəti qarşılaşmada da millimiz eyni hesabla qələbə qazanıb. Bu dəfə Macarıstaan millisi mübarizədən kənarlaşdırılıb. Yarımfinalda isə Bolqarıstan təmsilçilərini 45:32 hesabı ilə məğlub edən kollektivimiz finala yüksəlib. Həlledici görüşdə sablyaçılarımız Fransa millisi ilə qarşılaşıb. Rəqibinə uduzan komandamız dünya kubokunda gümüş mükafatla kifayətlənib. Xatırladaq ki, fərdi yarışlarda təmsilçimiz Anna Başta qızıl medal qazanmışdı.