Almaniyanın Bavariya bölgəsində biatlon üzrə Avropa çempionatı start götürüb. Tsvizel şəhərinin yaxınlığındakı Qroser Arber dağının zirvəsində keçirilən qitə birinciliyi yanvarın 30-na qədər davam edəcək. 34 ölkənin iştirak etdiyi çempionatda biatlonçular 8 komplekt medal uğrunda mübarizə aparacaq. Yarışın ilk günündə azarkeşlər gərgin mübarizənin şahidi olub. Kişilər arasında 20 km məsafəni qət etmək yarışında norveçli biatlonçu Sverre Dalen Aspens 51 dəqiqə 32 saniyəlik nəticə ilə qızıl medal qazanıb. Ondan 11 saniyə geri qalan rusiyalı idmançı Anton Babikov 2-ci olub. Almaniyalı Mattias Dorfer isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qadınlar isə 15 km məsafəni qət etmə yarışında qüvvəsini sınayıb. Zərif cinsin nümayəndələri arasında rusiyalı Yevgeniya Burtasova uğur qazanıb. O, 44 dəqiqə 22 saniyəyə finişə çatıb. Ondan 12 saniyə geridə qalan moldovalı Alina Stremous gümüş medala sahib çıxıb. Rusiyalı Natalya Qerbulova 3-cü yeri tutub. Bu gün isə kişilər və qadınlar arasında sprint yarışı keçiriləcək.