Avropa çempionatında D qrupunda yarışan millli komandamız İspaniya yığması ilə üz-üzə gəlib. Qroningen şəhərində keçirilən matçın aşkar favoriti ispanlar olsalar da, hesabı seçməmiz açıb. İspaniya kollektivinin heyətində Serxio Losano avtoqol müəllifi olub. Amma az sonra hesab bərabərləşib. Raul Qomez qapını dəqiq nişan alıb. Fasiləyə kimi komandamız yenidən hesabda önə keçib. İsa Atayev fərqlənib. Amma futzalçılarımız 2-ci hissədə üstünlüyünü əldən verib. 1-ci hissədə Avtqol müəllifi olan Serxio Losano qol vuraraq İspaniya millisini məğlubiyyətdən xilas edib - 2:2.
Oyundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva görüş haqqında fikirlərini bölüşüb: "Oyunçularımla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar və bu gün də bunu sübut etdik. Görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti idilər. Amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü matcda az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik. Qrupdan çıxmaq üçün Az da olsa, şansımız qalıb. Bosniya və Hersoqivani ilə görüşə yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq".
Qrupun digər matçında Gürcüstan yığması Bosniya və Herseqovina seçməsinə 2:1 hesabı ilə qalib gəlib. Beləliklə 2 tura maksimum nəticə göstərən Gürcüstan komandası pley-offa vəsiqəni təmin edib. İspaniya millisi 4 xalla 2-ci, yığmamız 1 xalla 3-cü pillədədir. Son turda futzalçılarımız hər 2 qarşılaşmada uduzan Bosniya və Hersoqvina təmsilçiləri ilə qarşılaşacaq. Digər matç isə İspaniya- Gürcüstan görüşüdür. Oyunlar yanvarın 29-na təyin edilib.