Bu il Avstraliya Açıq tennis turnirində çıxışna qadağa qoyulmasına baxmayaraq, Novak Cokoviç növbəti illərdə Melburndakı yarışdan kənarda qalmayacaq. Bu barədə Avstraliya Federasiyasının prezidenti  Kreyq Tayli məlumat verib. O, mətbuata açıqlamasında serbiyalı tennisçinin “Australian Open”i çox sevdiyini söyləyib. Amma Tayli Novakın bu mövsüm müxtəlif turnirlərdə müəyyən problemlərlə üzləşəcəyini də istisna etməyib.

Buna baxmayaraq,  konkret hansı  yarışların Novaka mane ola biləcəyi haqda məlumatlar yoxdur. Əksinə bəzi turnirlərin təşkilat komitələri  ATP liderinin çıxışına icazə verib. Bu mənada ilk addımı Dubaydakı turnirin rəhbərliyi atıb. Belə ki, fevralın 21-də start götürəcək Birləşmiş Ərəb Əmirliklərindəki yarışın iştirak ərizəsinə Novak Cokoviçin də adı salınıb. Serbiyalı  raketka ustası ilə yanaşı bu turnirdə Andrey Rublyov, Yannik Sinner və Denis Şapovalov kimi tennisçilər də iştirak edəcək. Elə Rotterdamdakı tennis turnirinin rəhbəri Rixard Krayçek də Novakı Niderlandda gözlədiklərini açıqlayıb. O, ölkə qanunların Cokoviçə heç bir problem yaşatmayacağını bildirib. Xatırladaq ki, Rotterdamdakı turnir fevralın 7-də start götürəcək.