“Benneton” və “Reno” klublarının sabiq rəhbəri Flavio Briatore yenidən Formula 1-ə qayıda bilər. İspaniya mətbuatının məlumatına görə, italiyalı mütəxəssisin yaxın vaxtlarda “Alpin”lə müqavilə imzalayacağı gözlənilir. O məsləhətçi vəzifəsini yerinə yetirəcək. Qeyd edək ki, Briatore bu postda Formula 1 üzrə 4 qat dünya çempionu Alen Prostu əvəzləyəcək. Məsələ ondadır ki, bir neçə gün əvvəl “Alpin” fransalı funksionerlə yollarını ayırdığını bəyan etmişdi.
Yeri gəlmişkən, “Ferrari” rəhbərliyində də dəyişiklik olacağı gözlənilir. İtaliya mətbuatının məlumatına görə, şirkətin prezidenti Con Elkann komandanın rəhbəri Mattia Binottonun fəaliyyətindən narazıdır. Deyilənə görə, bir müddət əvvəl “Ferrari” prezidenti Kristian Horner və Andreas Zaydl kimi mütəxəssislərlə də danışıq aparıb. Hətta Zaydlın İtaliya komandasına mümkün keçidi hələ də aktuallığını qoruyur. Sadəcə, Elkanna “Ferrari”nin yeni bolidinin martda start götürəcək mövsümdə necə təsir bağışlayacağı maraqlıdır. Komanda yenə də əsas rəqiblərindən geri qalsa, Binotto istefaya göndəriləcək.