Biatlon üzrə dünya kuboku çərçivəsində Almaniyanın Oberhof məntəqəsəində keçirilən mərhələ yarışı start götürüb.
İlk gündə 10 km məsafəyə sprint yarışında rusiyalı idmançı Aleksandr Loqinov uğur qazanıb. O, 28 dəqiqə 8 saniyəlik nəticə ilə finiş xəttini birinci keçib. Beləliklə də ötən ilin yanvarın 21-dən bəri ilk dəfə Rusiya millisi biatlon yarışında qızıl medal qazanıb. Bu həm də Aleksandrın bu günə qədər dünya kuboklarında qazandığı 4-cü qızıl medalı kimi tarixə düşüb. Loqinovdan 6,5 saniyə geri qalan fransalı biatlonçu Emilyen Jaklen 2-ci olub. Norveçli Sturla Holm Leqreyd fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Xizək sprinti yarışında isə Taryey Bö uğur qazanıb. Norveçli biatlonçu 24 dəqiqə 13 saniyəyə 1-ci keçib. Ondan 6 saniyə geridə qalan norveçli digər biatlonçu Yohannes Bö ikinci yerə sahib çıxıb. Rusiyalı Daniel Seroxvostov isə 3-cü olub.
Qadınların yarışında da norveçlilər həmyerlilərinin qələbəsinə sevinib. 7,5 km məsafəyə sprint yarışında bu ölkənin təmsilçisi Marte Reyseland 23 dəqiə 30 saniyəlik nəticə ilə qalib gəlib. Ondan 7,1 saniyə geri qalan belaruslu Anna Sola 2-ci, fransalı Juliya Simon 3-cü yerə çıxıb. Maraqlıdır ki, bu yarışda 2-ci yeri tutan Anna Sola xizək sprintində daha yaxşı nəticə ilə yadda qalıb. O, finiş xəttini 20 dəqiqə 49 saniyə ərzində 1-ci keçib. Fransalı Jüstin Breza Buşe fəxri kürsünün 2-ci, belaruslu Dinara Alimbekova 3-cü pilləyə çıxıb.