WTA müxtəlif kateqoriyalarda ilin ən yaxşı tennisçilərinin adını açıqlayıb.

Bu mövsüm “Uimbldon” turnirinin qalibi olan və 4 müxtəlif WTA kateqoriyalı turnirdə fərqlənən Eşli Barti ilin ən yaxşı tennisçisi seçilib. Xatırladaq ki, avstraliyalı tennisçi həm də reytinqdə ilk sırada qərarlaşıb. “Rolan Qarros”da qalib gələn çexiyalı Barbora Kreyçikova ilə Katerjina Sinyakova cütü ilin komandası mükafatına sahib çıxıb. Yeri gəlmişkən, ilin əvvəlində reytinqdə 60-cı pillədə olduğu halda 5-ci yerə qədər irəliləyən Kreyçikova həm də ilin ən yaxşı inkişaf edən tennisçisi adını qazanıb. “US Open” turnirinin qalibi olan 19 yaşlı britaniyalı Emma Radukanu ilin ən yaxşı gənc tennisçisi adına layiq görülüb. “İlin qayıdışı” mükafatına isə ispaniyalı Karla Suares Navarro sahib çıxıb. O xərçəng xəstəliyini müalicə etdikdən sonra kortlara dönüb.