Xizək yarışları üzrə dünya kubokunun ikinci mərhələsi başa çatıb.
Norveçin Lillihamer məntəqəsində keçirilən yarışın sonuncu günündə kişilər və qadınlar estafet növündə qüvvəsini sınayıb. Kişilərin mübarizəsində Norveç millisi qalib gəlib. Erik Valnes, Emil İversen, Simen Krüger və Yohannes Klebo ilə mübarizə aparan skandinaviyalılar 7,5 km məsafəni 1 saat 14 dəqiqə 58 saniyəyə qət edib. Liderdən 0,2 saniyə geri qalan Rusiyanın ikinci komandası gümüş medal qazanıb. Norveçlilərin əvəzedici komandası isə 3-cü yerə çıxıb.
Qadınların estafet yarışında isə Rusiyanın əsas millisi uğur qazanıb. Yuliya Stupak, Natalya Nepryayeva Tatyana Sorina və Veronika Stepanovadan ibarət komanda 5 km məsafəni 54 dəqiqə 40 saniyəyə qət edib. Beləliklə də Rusiyanın qadınlardan ibarət millisi 17 ildən sonra dünya kubokunda estafet yarışının qalibi olub. Şimal qonşularımızdan 1,1 saniyə geri qalan İsveç yğması 2-ci yeri tutub. Norveç millisi isə bürünc medal qazanıb. Maraqlıdır ki, bu ölkənin komandası 2009-cu ildən bəri Dünya kubokunun bütün estafet yarışlarında birinciliyi heç kimə vermirdi.
Xatırladaq ki, növbəti yarış həftəsonu İsveçrənin Davos şəhərində keçiriləcək.