Dekabrın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Turun sonuncu oyununda "Zirə" klubu "Qəbələ"ni qəbul edib.

Qarşılaşma əyalət təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə ilk qol 32-ci dəqiqədə qeydə alınıb. Urfan Abbasov qonaqları hesabda önə keçirib. Matçın 40-cı dəqiqəsində Rövlan Muradov cərimə zərbəsindən baxımlı qola imza ataraq "qırmızı-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. Oyunun 86-cı dəqiqəsində "Qəbələ"nin futbolçusu Omar Hanı ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Paytaxt klubunun gürcüstanlı legioneri Davit Volkov 45+4-cü dəqiqədə fərqi azaltmağa müvəffəq olub.

Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Qəbələ" ikinci pilləyə yüksəlib. "Zirə" 22 xalla üçüncü sıradadır.