Xizək yarışları üzrə dünya kubokunun 2021/22 mövsümü üçün ilk mərhələsi başa çatıb.
Finlandiyanın Ruka şəhərində keçirilən yarışda həm kişilər, həm də qadınlar müxtəlif kateqoriyalarda mübarizə aparıb. Yarışın son günündə xizək həvəskarları gərgin mübarizənin şahidi olub. Kişilərin 15 km izləmə yarışında rusiyalı xizəkçilər fəxri kürsünün hər 3 pilləsini tutub. Aleksandr Ustyuqov finiş xəttini birinci keçibsə, onu Sergey Ustyuqov və Aleksandr Maltsev izləyib. Maraqlıdır ki, norveç xizıkçiləri havanın həddindən artıq şaxtalı olmasına görə mübarizədən imtina edib. Beləliklə də, kişilərdən ibarət Rusiya millisi ümimi sıralamada 586 xalla liderliyə yüksəlib. Fərdi yarışda isə rusiyalı Aleksandr Bolşunov 174 xalla liderliyin möhkəmlədib.
Qadınların turnirində isveçlilər ilk iki gündə daha xoş təsir bağışlasa da, bu dəfə Norveç yığmasının lideri Tereza Yohauq uğur qazanıb. 14 qat dünya çempionu 10 km məsafəyə izləmə yarışında 25 dəqiqə 56 saniyəlik nəticə ilə birinci olub. Ondan 7,8 saniyə geri qalan isveçli Frida Karlsson finiş xəttini ikinci keçib. Norveçli Heydi Venq isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Qadınların yarışında şəxsi birinciliyə 220 xalla isveçli Frida Karlsson başçılıq edir. Elə komanda hesabında da İsveç millisi 568 xalla liderdir. Dünya kubokunun ikinci mərhələsi gələn həftə Norveçin Lillihamer şəhərində keçiriləcək.