Formula 1 üzrə Meksika Qran-prisi başa çatıb.

Təsnifat mərhələsində 3-cü yeri tutan Maks Ferstappen yarışın qalibi olub. Startdaca “Mersedes”dəki rəqibləri Lüis Hemiltonla Valtteri Bottası geridə qoyan “Red Bull” pilotu sona qədər üstünlüyünü əldən verməyib. O, 71 dövrəni 1 saat 38 dəqiqə 39 saniyəyə qət edərək ardıcıl 2-ci, ümumilikdə isə bu mövsüm 9-cu dəfə finiş xəttini birinci keçib. Ondan 16 saniyə geridə qalan Lüis Hemilton 2-ci yerə çıxıb. “Red Bull” sürücüsü Serxio Peres isə yarışı 3-cü sırada tamamlayıb. Meksikada ən diqqət çəkən məqam isə təsnifat mərhələsinin qalibi Valtteri Bottasın Qran-prini 15-ci sırada başa vurması olub. “Alfa Tauri”dən Yuki Tsunoda, “Haas”dan Mik Şumaxer isə ümumiyyətlə yarışı tamamlaya bilməyib.


Şəxsi birinciliyə gəlincə, Meksikada rəqiblərinə heç bir şans verməyən Maks Ferstappen 312,5 xalla liderliyini möhkəmlədib. Ondan 19 xal geri qalan Lüis Hemilton ikinci pillədədir. 185 xalı olan Valtteri Bottas 3-cü yerdə qərarlaşıb. Mühəndislər Kubokuna isə 478,5 xalla “Mersedes” başçılıq edir. “Red Bull” 477,5 xalla 2-ci, “Ferrari” 268,5 xalla 3-cüdür. Mövsümün 19-cu Qran-prisi olan Braziliya Qran-prisi həftəsonu keçiriləcək.