Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında Azərbaycan boksçusu Alfonso Dominqes qızıl medal qazanıb.

86 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanan bokçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən 100 min dollar mükafata və çempion üçün xüsusi kəmərə də sahib olub.

“Tokio-2020”nin bürünc medalçısı həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.

Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Bundan əvvəl təmsilçilərimiz Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, 88 ölkədən 510 boksçunun mübarizə apardığı dünya çempionatına sabah yekun vurulacaq.