MXL komandaları yeni mövsümə hazırlığı davam etdirir. “Boston Bryuins” – “Filadelfiya Flayers” oyununda azarkeşlər maraqlı mübarizənin şahidi olub. Oyunda hesabı 7-ci dəqiqədə Coel Farabi açıb. Amma fasiləyə qədər Boston xokkeyçiləri vəziyyəti xeyrinə dəyişə bilib. Əvvəlcə Bred Marşand hesabda tarazlığı bərpa edib. Daha sonra Kreyq Smitlə Brendon Karlo rəqib qapıçısını məyus edib. 2-ci periodda Cek De Brusk “Bruins”in 4-cü qolunu vurub. Son hissədə pensilvaniyalılar təzyiqi artırsa da, Farabinin ikinci qolu yalnız təsəlli xarakteri daşıyıb: Boston – Filadelfiya 4:2.
“Kolorado Evelanş” – “Minnesota Vayld” oyununda qapılara 10 şayba vurulub. İlk hissədə komandalar hərəyə iki dəfə fərqlənib. Fasilədən sonra qonaqlar fəallığı artırıb 2 dəfə hesabda önə keçsələr də, son hissədə “Evelanş” təzyiqi artıraraq daha 3 qol vurmağı bacarıb: Kolorado – Minnesota 6:4. “Detroyt Red Uinqs” – “Baffalo Seybors” oyununda da meydan sahibləri əzmkarlıq nümayiş etdirərək 6:2 hesabı ilə qalib gəlib. Eyni hesabla “Neşvill Prediators” səfərdə son çempion “Tampa Bey Laytinq”i məğlub edib.