Futbolçumuz Mahir Emrelinin çıxış etdiyi “Legiya” Uefa Avropa liqasının C qrupunda Moskva “Spartak”ının qonağı olub.

Rusiya futbolçuları görüşün əvvəlindən daha inamlı təsir bağışlayaraq bir neçə epizodda qol vurmağa yaxın olublar. Bununla belə fasiləyə kimi hesab açılmayıb. Fasilədən sonra da matçın məzmununda ciddi dəyişiklik olmayıb. Qol epizodlarını sağa-sola xərcləyən “Spartak” yekunda buna görə cəzalandırılıb. Mahir Emrelinin 82 dəqiqə meydanda olduğu oyunda ilk qol  2-ci hissəyə əlavə olunmuş dəqiqədə vurulub. “Legiya”nın heyətində albaniyalı Ernest Muçinin ötürdüyü topu kosovalı Lirim Kastrati Moskva futbolçularının qapısından keçirib. Beləcə “Legiya” səfərdə “Spartak”ı minimal hesabla məğlub edərək qrup yarışına qələbəylə başlayıb. Qeyd edək ki, C qrupunda bu 2 komandadan əlavə “Napoli” və “Lester” mübarizə aparır.