Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində daha 5 oyun keçirilib. 

Argentina millisi Boliviya komandasını 3 cavabsız qolla məğlubiyyətə uğradıb. Qarşılaşma superulduz Lionel Messi üçün xüsusilə əlamətdar olub. Təcrübəli hücumçu het-trik edərək millinin heyətində vurduğu qolların sayını 79-a çatdırıb. Bununla Messi futbol əfsanəsi, vaxtilə Braziliya seçməsinin heyətində 77 qolla yadda qalan Peleni qabaqlayıb.

Lider Braziliya komandası Peru yığmasının qapısından 2 top keçirib. “Sambaçılar”ın heyətində Everton Ribeyro və Neymar fərqlənib. Uruquay millisi Ekvador seçməsini Qaston Pereyronun sona yaxın vurduğu qol sayəsində minimal hesabla məğlub edib.

Paraqvay yığması öz meydanında Venesuela komandasına 2:1, Kolumbiya futbolçuları isə Çili kollektivinə 3:1 hesabilə qalib gəlib.

Qrup yarışında 8 matçın hamısında qələbə qazanan braziliyalılar 24 xalla liderdilər. 6 xal az toplayan Argentina komandası 2-ci, Uruqvay millisi 15 xalla 3-cüdür. Ekvadorlular 13 xalla ilk 4-lüyü tamamlayırlar. Eyni miqdarda xalı olan Kolumbiya yığması 5-ci sıradadır. Qeyd edək ki, Cənubi Amerika zonasının qrup turnirində ilk 4 yeri tutan seçmə dünya çempionatına birbaşa vəsiqə qazanacaq.  5-ci yerdə qərarlaşan kollektiv isə pley-ofda iştirak edəcək.