Dünya çempionatının seçmə mərhələdə “İ” qrupunun lideri, bundan əvvəlki 5 qarşılaşmanın hamısında qələbə qazanan İngiltərə yığması ilk dəfə xal itkisi ilə üzləşib. Varşavada Polşa komandasının qonağı olan Qaret Sautqeytin kollektivi ilk hissədə təhlükəli hücumlarla yadda qalıb. Oyunda hesab isə 72-ci dəqiqədə açılıb. Harri Keyn təxminən 30 metr məsafədən qüüvətli zərbə ilə topu qapıdan keçirib. Lakin İngiltərə millisi sonadək qələbə hesabını qoruya bilməyib. Artırılan 2-ci dəqiqədə Polşa futbolçuları məğlubiyyətdən xilas olublar. Robert Levandoskinin ötürməsindən sonra Damian Şimanski başla fərqlənib: Polşa – İngiltərə 1:1. 16 xalı olan İngiltərə qrup lideridir. Xal itkisindən sonra aktivində 11 xalı olan Polşa 3-cü pilləyə enib.

“E” qrupunda mübarizə aparan Belçika seçməsi səfərdə Belarus yığması ilə üz-üzə gəlib. Qonaqlar görüşün taleyini ilk hissədə həll ediblər. 31-ci dəqiqədə Mişi Batşuayi topu qapıdan keçirsə də, VAR-a baxan hakim qolu qeydə almayıb. Buna baxmayaraq 2 dəqiqə sonra belçikalılar istəyinə nail olublar. Dennis Pratın zərbəsi qarşısıalınmaz olub. Bu, matçda yadda qalan sonuncu epizod olub: Belarus – Belçika 0:1.

“B” qrupunda isə gözlənilməz nəticə qeydə alınıb. İsveç seçməsi səfərdə Yunanıstan komandasına məğlub olub. İlk hissədə qapılar toxunulmaz qalıb. Fasilədən sonra üstünlüyü artıran Balkan təmsilçisi 62-ci dəqiqədə hesabı açıb. Müdafiəçilərdən ustalıqla yayınan Anastasios Bakasetas qapını dəqiq nişan alıb. Çox keçmədən fərq artıb. Bu dəfə Vanqelis Pavlidis yerli azarkeşləri sevindirib. İsveç futbolçularının gücü yalnız qola çatıb. Robin Kvayson yekun nəticəni müəyyənləşdirib. Yunanıstan – İsveç 2:1.