Bu gün azarkeşlərimizin diqqəti Bakı Olimpiya Stadionuna yönələcək.
Ölkəmizin əzəmətli arenasında 2022-ci il dünya çempionatının seçmə mərhələsinin oyunu keçiriləcək. Millimiz Portuqaliya yığmasını qəbul edəcək. İtaliyada keçirilən səfər matçında Portuqaliya futbolçularına minimal hesabla uduzan komandamız doğma divarlarlar arasında azı 1 xala ümidlidir. Rəqibin heyətində ulduz futbolçu Kriştianu Ronaldu cəzalı olduğu üçün Bakıya gətirilməyib. Azərbaycan kollektivində isə Maksim Medvedev və Rüstəm Əhmədzadə zədə, Anton Krivotsyuk cəza səbəbindən matçı buraxacaq. Əvəzində heyətə dəvət edilən Şəhriyar Əliyevi meydanda görə bilərik. Komandalar bunadək 7 dəfə qarşılaşıb. Bunlardan yalnız birində millimiz heç-heçə edib. Qalan 6 görüş rəqibin qələbəsilə yekunlaşıb.
Oyundan əvvəl ənənəvi mətbuat konfransında qonaq komandanın baş məşqçisi Fernandu Santuş oyunla bağlı fikirlərini bölüşüb: "“Digər matçlarla müqayisədə daha yaradıcı oynamalıyıq. Canni De Byazi olduqca təcrübəli mütəxəssisdir. Bizə qarşı necə heyət qurmalı olduğunu çox gözəl bilir. Azərbaycan millisinin çətinlik yaradacağını əminliklə deyə bilərəm. Lakin hər hansı futbolçu barədə ayrı-ayrılıqda danışmaq yersiz olardı. Hesab edirəm ki, rəqibin oyunu daha çox müdafiə və yarımmüdafiə xəttinin hansı vəziyyətdə olacağından asılıdır. Biz vəzifəmizi anlayırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Yığmamıza rəhbərlik edən Canni de Byazi nəticələrin heç kimi razı salmadığını, komandamızın daha yaxşı oynaya biləcəyini vurğulayıb: "
“Reytinqdə 47-ci yerdə gedən İrlandiya komandası ilə heç-heçəyə nail olduq. Uğurlu nəticə sayıla bilər. Lakin bu, hələ heç nə demək deyil. İlk 11-liyə gəlincə, məlum olduğu kimi, Maksim Medvedev və Anton Krivotsyukun çıxış etməyəcəyi dəqiqdir. Güclü komandaya qarşı oynayacağımızı demək, artıq olardı. 3-cü yeri tutmaq imkanımız hələ də mövcuddur. Portuqaliya seçməsilə qarşılaşmada sonadək mübarizə apararaq xal qazanmağa çalışacağıq”.
Bu gün saat 20-də başlanan Azərbaycan – Portuqaliya oyununu italiyalı referi Marko Quida idarə edəcək.