Rusiya mundialının qalibi Fransa millisi dünya çempionatı seçmə mərhələsində Bosniya və Herseqovina komandasını qəbul edib. 36-cı dəqiqədə qonaqlar hesabı açıblar. Edin Ceko oyunda ilk qolu vurub. Amma çox keçmədən tarazlıq bərpa olunub. Antuan Qrizman hesabı bərabərləşdirib. Ilk hissə 1-1 hesabilə başa çatıb. Fasilədən sonra meydan sahibləri azlıqda qalıblar. 51-ci dəqiqədə Jül Kunde qırmızı vərəqəylə cəzalanıb. Amma Bosniya və Herseqovina millisi rəqibin uğursuzluğundan yararlana bilməyib. Qalan vaxtda hesab dəyişməyib:  Fransa – Bosniya və Herseqovina 1:1.

D qrupunun Qazaxıstan – Ukrayna qarşılaşmasında da qalib müəyyənləşməyib. Görüşdə erkən qol vurulub. Artıq 2-ci dəqiqədə Roman Yaremçuk hesabı açıb. İlk hissə minimal hesabla başa çatıb. Fasilədən sonra daha gərgin və maraqlı mübarizə qeydə alınıb. 74-cü dəqiqədə Qazaxıstan futbolçuları hesabı bərabərləşdiriblər. Ruslan Valyulin fərqlənib. 2-ci yarıya əlavə olunmuş dəqiqələrdə daha 2 qol vurulub. Ukraynalılar Daniil Sikan sayəsində qələbəyə yaxınlaşsalar da, son saniyələrdə Valyulin dubl edərək Qazaxıstan seçməsini məğlubiyyətdən xilas edib 2:2. 4 turdan 8 xal toplayan Fransa komandası D qrupunun lideridir. Ukrayna yığması 4 xalla 2-cidir. Finlandiya, Bosniya və Herseqovina, habelə Qazaxıstan seçmələri 3,4 və 5-ci yerləri bölüşür.