Formula 1-də çıxış edən “Alfa Romeo” növbəti il heyətini tamamilə yeniləyəcək. Avropa mətbuatının məlumatına görə, Kimi Raykkonen mövsüm yekunlaşan kimi karyerasını başa vuracaqsa, rəhbərliyin ümidlərini doğrultmayan Antonio Covinatsi ilə müqavilə yenilənməyəcək. Nəticədə İtaliya komandası “Mersedes”dən Valtteri Bottasla, həmçinin Formula E və Formula 2 qalibi Nik De Vrislə müqavilə imzalayacaq. Yeri gəlmişkən, Valtteri Bottasın əvəzinə “Mersedes”ə “Uilyams”da çıxış edən Corc Rasselli gətiriləcək. “Uilyams” isə Corc Rassellin boşluğunu ehtiyat pilotu Aleks Albonla doldurmağa çalışacaq. Həmçinin çinli pilot Cjou Quanyu da bu komandaya keçə bilər.
“Alfa Romeo”dan söz düşmüşlən, növbəti mövsüm bu komandanın hansı şirkətin mühərriklərindən istifadə edəcəyi qeyri-müəyyən olaraq qalır. Hazırda bu kollektiv “Ferrari” motorlarından yararlanır. lakin, bununla bağlı tərəflər arasında yeni anlaşma imzalanmayıb. “Alfa Romeo”nun sahibi Finn Rausinq isə “Mersedes”lə razılığa gəlmək istəyir. Bu anlaşma reallaşsa, Formula 1 komandalarının yarısının “Mersedes” mühərriklərindən istifadə edəcəyi rəsmiləşəcək. Hazırda “Mersedes” motorlarından həmçinin “Aston Martin”, “Maklaren” və “Uilyams” da yararlanır.