Azərbaycan futbolunda ilk sətirlər 1911-ci ildə yazılmağa başlasa da, “Neftçi” 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazanıb bu sətirlərin ilk nöqtəsini kağız üzərinə həkk etdirdi. 1996-cı ildə isə millimiz müstəqil şəkildə qurduğumuz ilk cümlənin nidasını qoydu. Bu gün Azərbaycan millisinin İsveçrə yığması üzərində tarixi qələbəsindən 25 il ötür. Həmin oyunda  Vidadi Rzayevin 26-cı dəqiqədə vurduğu qol sayəsində millimiz  seçmə mərhələlərdə ilk zəfərini yaşadı. Özü də doğma meydanda keçirdiyi ilk rəsmi oyunda.  Ulu öndər Heydər Əliyevin Tofiq Bəhramov adına respublika stadionunda canlı izlədiyi oyunda qazandığımız qələbə o vaxt Avropa futbolunda əks səda yaratmışdı. 1996-da Avropa çempionatının iştirakçısı olan İsveçrə millisini məğlub etmək asan məsələ deyildi.  Polşalı hakim Rişard Vuyçikin idarə etdiyi oyunda İsveçrə millisi öz gücünü diqtə etməyə çalışsa da,  millimizin müdafiədə etibarlı oyunu sonda öz bəhrəsini verdi. İlk yarının ortalarında sağ cinahdan Yunis Hüseynovun ötürməsini qəbul edən Vidadi Rzayev cərimə meydançasına daxil olaraq iti buacq altından qüvvətli zərbəylə hesabı açdı. Bu stadiona  və ekran qarşısına toplaşan minlərlə azarkeşləri bir andaca ayağa qaldırdı. Oyunun 60-cı dəqiqəsində Murat Yakın qapımıza təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyincə, millimiz tarixi qələbə bir qədər də yaxınlaşdı və 30 dəqiqə sonra muradına çatdı. Həmin tarixi qələbə nəticəsində millimiz FİFA-nın reytinqində 133-cü pillədən 121-ci yerə yüksəldi.  25 il ərzində millimizin bir çox qələbəsi qeydə alınıb. Lakin 1996-cı ildəki zəfər futbolseverlərin yaddaşında əbədi həkk olunub desək yanılmarıq.