UFC üzrə sabiq dünya çempionu Jorj San-Pyer karyerasını bərpa etmək niyyətində deyil.

Karyerası ərzində keçirdiyi 28 görüşün 26-da qalib gələn kanadalı döyüşçü mətbuata açıqlamasında buna ehtiyac duymadığını bildirib. Amma o, yalnız bir şərtlə döyüşməyə hazır olduğunu söyləyib: “Dünyanın ən güclüsü olduğumu sübut etmək üçün yenidən oktaqona çıxmağıma ehtiyac yoxdur. Artıq bu dövrü geridə qoymuşam. Buna baxmayaraq, xeyriyyə məqsədi ilə təşkil olunan yarışlarda qüvvəmi sınaya bilərəm. Bu mənim özümə də maraqlı gəlir”. Xatırladaq ki, bir müddət əvvəl San-Pyerin Həbib Nurməhəmmədovla döyüşmək üçün karyerasını bərpa edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Amma bu söhbətlər dolaşdığı məqamda rusiyalı döyüşçü karyerasını başa vurduğunu açıqlamışdı.