Tokioda 32-ci yay Olimpiya oyunlarına yekun vuruldu. Gündoğar ölkənin paytaxtında avqustun 24-dən Paralimpiya Oyunlarına start veriləcək. Paralimpiya komandamızın bir neçə üzvü – daha dəqiq üzgüçülərimiz artıq Yaponiyaya yola düşüb. Dana Şandıbina və Vəli İsrafilov nümayəndə heyəti ilə birgə uzaq şərqə doğru yollanıblar. 40 nəfərdən ibarət ən böyük heyət isə avqustun 19-da Tokioda olacaq.

Bu ilki oyunlar Azərbaycan Paralimpiya hərəkatı üçün sayca 7-ci olması ilə səciyyələnir. Tokioda ölkəmiz 10-a yaxın şəhər və rayondan 24 kişi və 12 qadın olmaqla ümumilikdə 36 idmançı ilə təmsil olunacaq ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Qeyd edək ki, Rio paralimpiadasında bu göstərici cəmi 22 nəfər olub.

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizin bayraqdarı 2 qat paralimpiya və dünya, 7 qat Avropa çempionu, ha belə Avropa oyunlarının qalibi cüdoçu İlham Zəkiyevə həvalə olunub.