Yeni mövsümə hazırlıqları davam etdirən klublar yoldaşlıq görüşlərində qüvvəsini sınayırlar. Bu mənada “Barselona”-“Yuventus” matçı diqqət çəkib.  Barselonadakı “Yohan Kroyf” arenada keçirilən oyunda  hesab erkən açılıb. Memfis Depay fərqlənib. İlk hissədə başqa qol olmayıb. İkinci yarı “Barselona”nın üstünlüyü ilə keçib. 57-ci dəqiqədə Martin Braytvayt künc ötürməsini qolla tamamlayıb. Əlavə olunmuş ikinci dəqiqədə isə Rikard Puç uzaq məsafədən baxımlı qol vurub. “Barselona” – “Yuventus” 3-0

Digər  hazırlıq oyununda London klubları üz-üzə gəlib. “Tottenhem” doğma meydanda “Arsenal”la qarşılaşıb. Tərəflərin cəhdlərinə baxmayaraq ilk yarıda hesab açılmayıb. Fasilədən sonra hücumlarının kəsərini artıran meydan sahibləri  79-cu dəqiqədə fərqləniblər. Son Xyun Min diqqət mərkəzinə düşüb. Qalan vaxt ərizndə isə hesab dəyişməyib və matç “Tottenhem”in minimal hesablı qələbəsi ilə başa çatıb.

 “Real” Madrid və “Milan” klublarının duelində isə qapılar toxunulmaz qalıb. İlk yarının sonlarına yaxın Qareyt Beyl İtaliya klubunun qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.

    “Feyenord” “Atletiko Madrid” matçında 3 qol qeydə alınıb. Əvvəlcə Niderland təmsilçisinin heyətində Brayn Linsen fərqlənib. Fasilə ərəfəsində Yanni Karasko qırmızı vərəqə ilə cəzalandırılıb. İspaniya təmsilçisi azlıqda oynamasına baxmayraq  bərabərlik qolunu vurmağa nail olub. Görüşün 83-cü dəqiqəsində Anxel Korrea “Atletiko”nu ümidləndirib. İkinci yarıya əlavə olunan 3-cü dəqiqədə isə Naufal Bannis “Feyenord”un qələbə qolunu vurub.