Tokio 2020 Yay Olimpiya Oyunlarında daha 3 güləşçilərimiz mübarizəyə qoşulub. 65 kq-da çıxış edən sərbəst güləşçimiz Hacı Əliyev 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu dəfə qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibindən 9:1 hesabı ilə üstün olan millimizin üzvü yarımfinala vəsiqə qazanıb. Hacı bu mərhələdə hindistanlı Bacranq Puniya ilə üz-üzə gələcək.
50 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşla qarşılaşıb. 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. İdmançımız bu dəfə də inamlı təsir bağışlayıb. Tunis təmsilçisi Sarra Hamdiyə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələn Stadnik yarımfinala vəsiqə qazanıb. O, finalın bir addımlığında yaponiyalı Yui Susakinin müqavimətini qırmağa çalışacaq.
97 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə mübarizə aparıb. Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksələcəyi halda, güləşçimiz təsəlliverici görüşə qatılacaq.