UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi davam edir. Futbolçumuz Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” səfərdə Zaqreb “Dinamo”su ilə qarşılaşıb. Millimizin üzvü oyuna start heyətində başlayıb. Saatın tamamında hesab açılıb. Bruno Petkoviç Xorvatiya klubuna üstünlük qazandırıb. Mahir Emreli 75 dəqiqə meydanda olub. O, Tomaş Pekartla əvəzlənib. Vaxtın yekunlaşmasına 8 dəqiqə qalmış “Legiya” tarazlığı bərpa edib. Ernest Muçi mübarizəyə nöqtə qoyub. “Dinamo” – “Legiya” 1:1.
Ruy Vitorianın rəhbərlik etdiyi “Spartak” Moskva “Benfika”nı qəbul edib. Xatırladaq ki, portuqaliya təcrübəli mütəxəssis vaxtilə 4 il Lissabon klubunda işləyib. Amma bu, Moskva futbolçularına uğur qazandırmayıb. “Benfika” 2 cavabsız qolla qalib gəlib. Rafa Silva 51, Jilberto 74-cü dəqiqədə fərqlənib.
“Ferentsvaroş” – “Slaviya” Praqa görüşündə də eyni hesab qeydə alınıb. Lakin bu matçda meydan sahibləri müvəffəqiyyət əldə ediblər. Ukraynalı futbolçular oyunun taleyini həll ediblər. 44-cü dəqiqədə Çexiya klubunun üzvü Taras Kaçaraba avtoqol müəllifi olub. 50-ci dəqiqədə İqor Xaratinin dəqiq yerinə yetirdiyi penalti yekun nəticəni müəyyənləşdirib. “Ferentsvaroş” – “Slaviya” 2:0 .