Tokio 2020 Yay Olimpiya Oyunlarında mübarizə bütün gərginliyi ilə davam edir. Sabah medal ümidlərimizdən sayılan karateçilərimiz də yarışa qoşulacaq. 4 illiyin zirvə yarışında millimizin 3 üzvü mükafatlar uğrunda bacarığını göstərəcək. 67 kq çəki dərəcəsində mübarizə aparan Firdovsi Fərzəliyev sabah A qrupunda türkiyəli Eray Şamdan, qazaxıstanlı Darxan Assadılov, misirli Əli Elsavi və yaponiyalı Naoto Saqo ilə görüşəcək.

75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev avqustun 6-da B qrupunda italiyalı Luici Busa, almaniyalı Noa Biç, avstraliyalı Çuneari Yahiro və qazaxıstanlı Nurkanat Ajiqanovla qarşılaşacaq.

61 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Zaretska B qrupunda türkiyəli Məltəm Hocaöku, qazaxıstanlı Sofiya Berultseva, yaponiyalı Ayumi Uekusa və italiyalı Silvia Semeraro ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.