Qadınların 400 metr məsafəyə maneəli qaçış yarışında mükafatçılar bəlli olub. Amerika Birləşmiş Ştatlarının atleti Sidni Maklaflin 51.46 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Bu eyni zamanda yeni dünya rekordudur. Daha öncəki ən yaxşı göstərici də məhz Maklaflinə məxsus idi. Onun komanda yoldaşı Dalayla Muhammed finiş xəttini 2-ci, niderlandlı Femke Bol 3-cü keçib. Əlavə edək ki, kişilərin anoloji mübarizəsində də dünya rekordu yenilənib. Karsten Varholm 45.94 saniyə ilə bu uğurun müəllifi olub.
Skeytbord idman növündə park platforması üzrə qalib və mükafatçılar müəyyənləşib. Qadınların mübarizəsində yaponiyalı Sakura Yosudzumi 60.09 xal toplayaraq qızıl medala yiyələnib. Onun həmvətəni Kokona Hiraki gümüş, böyük britaniyalı Skay Braun isə bürünc medalı əldə edib. Qeyd edək ki, bu göstərici ilə Yaponiya skeytbord idmanında 3-cü Olimpiya qızılını aktivinə yazdırıb.
Qadınların 10 km məsafəyə marafon üzgüçülük yarışında da medalçıların adına aydınlıq gəlib. 2 saata yaxın davam edən mübarizədə ən yaxşı nəticəni braziliyalı Ana Marsela Kunya göstərib. Rio Olimpiadasının qalibi niderlandlı Şaron van Rauvendal bü dəfə gümüş medalla kifayətlənib. Avstraliya təmsilçisi Karina Li bürünc mükafatın sahibi olub.
Kişilərin çimərlik voleybolunda yarımfinalçılar müəyyənləşir. Rusiya Olimpiya Komitəsinin voleybolçuları ilə qarşılaşan Norveç millisi adını son dördə yazdırıb. Latviya-Braziliya matçında isə, avropalılar yarımfinala yüksəlib.
Qadınların voleybol yarışında da ¼ finalın oyunları keçirilir. Əsas favoritlərdən sayılan Serbiya seçməsi italiyalı voleybolçularla qarşılaşıb. İlk setdən təşəbbüsə yiyələnən serbiyalılar 3-0 hesabilə qalib gəliblər. Onların yarımfinaldakı rəqibi Amerika Birləşmiş Ştatları komandası olacaq. Digər qarşılaşmalarda Cənubi Koreya millisi Türkiyə komandasından, amerikalı voleybolçular isə Dominikan Respublikası kollektivindən üstün olub.