Tokioda Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
4 illiyin zirvə yarışında Azərbaycan komandası daha bir medal qazanıb. 77 kq çəkidə çıxış edən Yunan-Roma güləşçimiz Rafiq Hüseynov təsəlliverici görüşdə tunisli Maafi Lamcedə qalib gəlib. Hüseynov bürünc mükafat uğrunda qarşılaşmaya çıxıb. Onun rəqibi ermənistanlı Karapet Çalyan olub. İlk xalı rəqib güləşçi qazansa da, idmançımız ruhdan düşməyib. Əzmkar mübarizə aparan Hüseynov tarazlığı bərpa edib. Qalan vaxtda fənd tətbiq edə bilməyən erməni güləşçi idmançıya yaraşmayan hərəkətlərə yol verib. Karapet Çalyan qaydaları pozduğuna görə millimizin üzvü hesabına daha 2 xal yazdırıb. Daha sonra hakimlərin qərarı ilə razılaşmayan erməni tərəfi etiraz edib. Lakin, şikayət haqsız olduğu üçün Rafiq Hüsynova daha 1 xal verilib. Beləlikləə, pəhləvanımız 4-1 hesabı ilə qalib gələrək olimpiya oyunlarının bürünc medalını qazanıb. Bununla da komandamızın qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl cüdoçumuz İrina Kindzerska və boksçumuz Alfonso Dominges olimpiya mükafatına sahib olmuşdu.