Tokio Olimpiadasında tennis yarışları yekunlaşıb. Maraqlıdır ki, həm kişilər, həm də qadınların turnirində favoritlər ümidləri doğrultmayıb. Yaponiyalı Naomi Osaka mübarizəni 1/8 finalda dayandırmışdısa, kişilərin mübarizəsində Novak Cokoviçin yarımfinalda məğlubiyyəti mərhələnin gözlənilməz nəticəsi oldu.
Qadınların finalında isveçrəli tennisçi Belinda Bençiç çexiyalı Marketa Vondrouşovanı məğlub edib. İlk setdə Bençiç rəqibindən 7:5 hesabı ilə üstün olsa da, növbəti hissədə Vondrouşova vəziyyəti xeyrinə dəyişib – 6:2. Həlledici setdə Bençiç yenidən təşəbbüsü ələ alıb. O, 6:3 hesabı ilə qalib gələrək Olimpiadanın qızıl medalını qazanıb. Xatırladaq ki, bu, İsveçrənin Olimpiadaların tennis yarışında qazandığı ümumilikdə 5-ci medaldır. Bu mükafatların 3-ü qızıldır. Buna qədər 1992-ci il Barselonada fərdi yarışda Mark Rosse, 2008-ci ildə Pekində isə Rocer Federerlə Sten Vavrinka cüt yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Tokioda kişilərin yarışında isə Aleksandr Zverev çempionluq sevinci yaşayıb. Almaniyalı tennisçi həlledici görüşdə rəqibini hər iki setdə məğlub edib - 6:3 və 6:1. Zverev Şteffi Qraff, Boris Bekker və Mixail Ştixxdən sonra Olimpiadada qızıl medal qazanan 4-cü almaniyalı tennisçi kimi tarixə düşüb. Maraqlıdır ki, Tokioya böyük ümidlərlə gələn ATP reytinqinin lideri Novak Cokoviç 3-cü yer uğrunda görüşdə ispaniyalı Pablo Karrenyo Bustaya məğlub olub.