Tokio Olimpiya oyunlarında yüngül atletika idman növündə bir neçə qalib müəyyənləşib. Kişilərin hündürlüyə tullanma yarışı maraqlı nəticələrlə yadda qalıb. Əsas mübarizə italiyalı Janmarko Tamberi və Qatar təmsilçisi Mutaz Barşim arasında olub. Son cəhdlərə qədər eyni sayda xal qazanan idmançılar yekunda qızıl medalı bölüşüblər. Onlarla bərabər – 2.37 xal toplayan belaruslu Nedasokov isə, bürünc medalla kifayətlənib. Buna səbəb Belarus təmsilçisinin bir cəhddə səhvə yol verməsidir.
Qadınların 3 təkanla tullanma yarışında da qaliblərin adına aydınlıq gəlib. Rio olimpiadasının gümüş mükafatçısı venesuelalı Yulimar Roxas bu dəfə bütün rəqiblərini qabaqlayaraq qızıl medalı əldə edib. O, eyni zamanda 15.67 metrlik göstərici ilə yeni Dünya rekordunu da müəyyənləşdirib. Portuqaliyalı atlet Patrisiya Mamona gümüş, İspaniya təmsilçisi Ana Peleteyro bürünc medala sahib çıxıb. Rio olimpiadasının qalibi kolumbiyalı Katrin İbarquen mübarizəni 10-cu sırada başa vurub.
Kişi atletlərin 100 metr məsafəyə qaçışında da medallar öz sahibini tapıb. Böyük britaniyalı idmançı Zarnel Hyuz startda səhvə yol verdiyinə görə mübarizəni erkən dayandırıb. Yarışın qalibi İtaliya millisinin atleti Marsel Ceykobs bütün rəqiblərini qabaqlayıb. Amerikalı Fred Kerli finiş xəttini 2-ci, Kanada təmsilçisi Andre de Qrase 3-cü keçib. Əfsanəvi olimpiyaçı Useyn Boltun rekordu qırılmaz olaraq qalıb.
Qadınların fərdi badminton yarışında qaliblər müəyyənləşib. Final oyununda çinli badmintonçu Çen Yufey Taypey təmsilçisi Day Tsyin ilə qarşılaşıb. Görüşün qalibi çinli atlet olub. Onun komanda yoldaşı Xe bin Çyao bürünc medala yiyələnib.