Tokioda Yay Olimpiya Oyunları davam edir. Bu gün güləşçilərimiz mübariZəyə qoşulublar. 77 kq çəki dərəcəsində çıxış edən Yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda qırğızıstanlı Akjol Mahmudovla görüşüb. Bu dəfə uduzan idmançımız buna baxmayaraq bürünc medal qazana bilər. Bunun üçün Akjol Mahmudov finala yüksəlməlidir. Belə olan halda idmançımız təsəlliverici görüşə qatılacaq.
Qadın güləşçimiz Elis Manolova da Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib. Manolova rəqibilə bacara bilməyib. Nigeriya idmançısı finala çıxacağı təqdirdə millimizin üzvü təsəlliverici görüşə qatılacaq.