Tokio Olimpiadasında koronavirusa yoluxanların sayı artır. Ötən gün ərzində Olimpiya Oyunları üçün qeydiyyatdan keçən daha 21 nəfərdə yoluxucu infeksiya aşkarlanıb. Virusa yoluxanların arasında idmançı yoxdur. Beləliklə də, Olimpiadada virus daşıyıcılarının sayı 246 nəfərə yüksəlib.
Yeri gəlimişkən, basketbol üzrə İspaniya millisinin üzvləri Mark Qazol, Alberto Abalde və Usman Qaruba müvəqqəti olaraq komandadan kənarlaşdırılıb. Buna hər 3 basketbolçunun koronavirusa yoluxan şəxlə təmasa girməsi səbəb olub. Bu basketbolçulara yalnız oyun vaxtı meydana çıxmaga icazə verilib. Qazol, Abalde və Qaruba oyunlara fərdi hazırlaşmalı və boş vaxtlarında otel otağını tərk etməməlidir.
Ümumiyyətlə, Tokioda koronavirusla bağlı vəziyyətin ürəkaçan olmamasına görə, idmançılar Olimpiya şəhərciyini tərk etməməlidir. Amma hamı da buna əməl etmir və nəticədə cəzasını alır. Ötən gün bir neçə idmançı Tokionun görməli yerlərini gəzmək üçün şəhərcyiyi tərk edib. Nəticədə, adı ictimaiyyətə açıqlanmayan idmançıların akkreditasiyaları ləğv edilib. Qeyd edək ki, bu, yarışın startından bəri qeydə alınan ilk belə hadisədir.