Tokio Olimpiya oyunlarında qadınların oxatma yarışı üzrə yarımfinal görüşləri keçirilib. Rusiya Olimpiya Komitəsinin təmsilçisi Yelena Osipova italiyalı Lusila Boari ilə qarşılaşıb. Hər 3 hissədə rəqibindən üstün olan rusiyalı oxatan yekunda 6-0 hesabilə qalib gəlib. Dİgər yarımfinal cütündə cənubi koreyalı An San və amerikalı Makkenzi Braun üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada koreyalı idmançı qələbəni təmin edib: 6-5. Final görüşündə İtaliya və Cənubi Koreya təmsilçiləri qızıl medal uğrunda mübarizə aparacaq.
Stolüstü tennis yarışında bir neçə mükafatçı müəyyənləşib. Qadınların fərdi mübarizəsində final matçı keçirilib. Çinli idmançıların qarşılaşmasında Çen Men 4-2 hesabilə qalib gələrək olimpiya qızılına sahib çıxıb. Bürünc medal uğrunda keçirilən matçda isə Yaponiya təmsilçisi sinqapurlu rəqibini məğlub edib.
Qadınların idman gimnastikasında qaliblərin adına aydınlıq gəlib. Bir neçə Dünya və Olimpiya rekordunun müəllifi Simona Baylzın yarışdan imtina etməsinə baxmayaraq onun komanda yoldaşı Sunisa Li ümidləri doğruldub. O, idman gimnastikasının çoxnövçülük növündə qızıl medala yiyələnib. Braziliyalı Rebeka Andrade gümüş, Rusiya Olimpiya Komitəsinin təmsilçisi Angelina Melnikova bürünc medalı əldə edib.