Tokio Yay Olimpiya Oyunlarında mübnarizə davam edir. Daha 2 idmançımız çıxışını başa vurub. Cüdo millimizin üzvü Zelim Kotsoyev ilk görüşünə çıxıb. 100 kq çəki dərəcəsindəki qarşılaşmada rəqib fransalı Aleksandr İddir olub. Kotsoyev vazari xalı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Bu dəfə kanadalı Şadi Elhanas üz-üzə gələn Kotsoyev iki vazari xalı ilə uduzaraq, mübarizəni dayandırıb.

Boks millimizin üzvü Məhəmməd Abdullayev olimpiadada ikinci görüşünə çıxıb. 91 kq-dan yuxarı çəki dərəcəsindəki 1/8 final qarşılaşmasında rəqib özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolov olub. İlk raundda 5 hakimin hamısı Jalolovun üstün döyüşdüyü qənaətinə gəlib. İkinci hissənin sonlarında Abdullayev noqdauna düşsə də, görüşü davam etdirib. Bu dəfə də referilər özbəkistanlı boksçuya daha çox xal veriblər. Üçüncü-sonuncu raundda idmançımız dönüş etmək istəsə də, bunu bacarmayıb. Abdullayev 0:5 hesabı ilə məğlub olaraq çıxışını başa vurub.