Tokio Olimpiya Komitəsi açılış mərasiminin icraedici rəhbəri Kentaro Kobayasini vəzifəsindən uzaqlaşdırıb.
Bu barədə məlumatı Təşkilat komitəsinin rəhbəri Seyiko Hasimoto təsdiqləyib. Buna səbəb həmin şəxsin 1998-ci ildə yayımlanan komediya şousunda Holokostla bağlı etdiyi zarafatdır. Tokio-2020-nin Təşkilat Komitəsinin rəhbəri Seyiko Haşimoto məsələyə münasibət bildirib: "Açılış mərasimin direktoru Kentaro Kobayasi vaxtilə kədərli tarixi faktı ələ salan nitqlə çıxış edib. Bu, təkcə bizim üçün deyil, bütün Yaponiya xalqı üçün məyusedici məqamdır. Təəssüf ki, daha öncədən belə hadisənin olduğundan məlumatsız idik. Bu haqda informasiyanı əldə etdikdən sonra komitə üzvləri ilə müzakirələrə başladıq. Yekunn nəticəyə görə isə, Olimpiya Komitəsi bu şəxslə yolları ayırmağı qərara aldı”.
Maraqlıdır ki, bir həftə əvvəl mərasimin açılış musiqisinin bəstəkarı Keyiqo Oyamada zorakılıq iddialarına görə işindən kənarlaşdırılmışdı. Xatırladaq ki, sabah keçiriləcək açılış mərasimində Azərbaycan komandasının bayraqdarları Rüstəm Orucov və Fəridə Əzizova olacaq.