Milli Xokkey Liqası yeni mövsümdə azarkeşlərini sevindirməyə hazırlaşır. Liqa rəhbərliyi çempionatı ənənəvi formatda keçirməyə hazırlaşır. Bu da o deməkdir ki, pandemiyaya görə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq.

Koronavirus pandemiyasına görə Milli Xokkey Liqasında başa çatan mövsüm fərqli formatda keçirildi. Amerika Birləşmiş Ştatları ilə Kanada arasında gediş-gəliş məhdudlaşğından bu iki ölkənin komandaları ayrı-ayrı divizionlarda mübarizə aparırdı. Amerika mətbuatının məlumatına görə, növbəti mövsümdən MXL rəhbərliyi ənənəvi formata qayıtmaq fikrindədir. Plana əsasən, münətəzəm çempionat oktyabr ayında başlanacaq və aprel ayında yekunlaşacaq. Dərhal sonra start götürəcək pley-of iyunda başa çatacaq. Ən əsası, müntəzəm çempionatda hər bir komanda 82 oyun keçirəcək. Divizionlar isə əvvəlki dövrlərdə olduğu formata uyğun təşkil olunacaq. Yeganə dəyişiklik yeni yaradılan “Sietl” komandasının Sakit okeanı divizionunda çıxış edəcəyi, “Arizona”nın isə Mərkəzi diviziona keçməsindən ibarətdir. Bununla yanaşı, vaksinasiyadan keçirilən xokkeyçilər səfərlərə rahatlıqla çıxacaq və heç bir testdən keçməyəcək. Peyvənd olunmayan oyunçular barədə isə hər hansı məlumat verilməyib. Yeri gəlmişkən, MXL rəhbərliyi Pekin Olimpiadasında xokkeyçilərin mümkün iştirakını nəzərə alıb iki fərqli təqvim planı hazırlayır.