Avropa çempionatı bir sıra rekord və yüksək götərcilərlə yadda qalıb. Həm turnirin, həm də finalın ən yaxşısı müəyyənləşib.
İtaliya millisinin qapıçısı Canluici Donnarumma Avro-2020-nin ən yaxşı oyunçusu seçilib. mükafatı 22 yaşlı qolkiperə UEFA prezidenti Aleksandr Çeferin təqdim edib. Əvvəlki oyunlarda inamlı çşıxışı ilə diqqət çəkən Donnarumma qitə turnirinin finalında İngiltərə ilə matçda penaltilər seriyasında 2 seyv edib.
Həmçinin finalın ən yaxşı oyunçusunun da adı açıqlanıb. Bu, İtaliya millisinin üzvü Leonardo Bonuççidir. 34 yaşlı müdafiəçi həlledici qarşılaşmada komandasının bərabərlik qolunun müəllifi olub, eyni zamanda penaltilər seriyasında 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
İtaliya millisinin kapitanı Corco Kyellini Avropa çempionatlarının tarixinə düşüb. Avro-2020-nin finalında İngiltərə ilə matçda əsas heyətdə meydana çıxan müdafiəçi turnirin finallarının ən yaşlı kapitanı olub. O, 36 yaş 331 günlüyündə kapitanlıq sarğısı ilə finalda iştirak edib. Bundan əvvəlki rekord Avro-2012-nin finalında 34 yaş 154 günündə İtaliya millisinin kapitanı olan Canluici Buffona məxsus idi.
Avro-2020-nin ən yaxşı bombardiri müəyyənləşib. Bu, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldodur. 36 yaşlı oyunçu turnirdə 5 qol vurub. Çexiya millisinin oyunçusu Patrik Şik də eyni sayda fərqlənib. Ancaq Ronaldo əlavə göstəricilərdə onu üstələyib. Kriştiano 1 qol ötürməsi versə də, Şik bunu bacarmayıb.