Latviyanın paytaxtı Riqada xokkey üzrə dünya çempionatının 8-ci günü geridə qalıb.

A qrupunda 3 dəfə məğlubiyyət acısı yaşayan İsveç millisi sansları o qədər yüksək dəyərləndirilməsə də, pley-off uğrunda mübarizə aparır. Skandinaviyalılar Böyük Britaniya millisi ilə oyunda ilk periodda problem yaşasa da, sonradan təşəbbüsü ələ alaraq meydanı qələbə ilə tərk edib. İsveç – Böyük Britaniya 4:1. Yeri gəlmişkən, bu oyunda fərqlənən Böyük Britaniya millisinin 21 yaşlı forvardı Liam Kirk 5 qolla bombardirlər siyahısında birinci pilləyə yüksəlib. Böyük xokkey ənənələri olmayan bir ölkə üçün bu böyük uğurdur. Qrupun digər oyununda Danimarka millisi Belarus yığmasını 3-cü periodda mükəmməl oyunu sayəsində məğlub edib. İlk hissədə tərəflər hərəyə bir dəfə fərqlənsə də, fasilədən sonra belaruslular hesabda önə keçib. Son periodda şimali avropalılar 4 dəfə rəqibini meydanın mərkəzinə dəvət etməklə pley-off zonasında mövqeyini möhkəmlədib. Danimarka – Belarus 5:2. Qrupda xal durumuna gəlincə, İsveçrə Slovakiya və Rusiya milliləri hərəyə 9 xalla liderliklərini davam etdirir. Danimarka millisi 8 xalla 4-cü yerdədir.

B qrupunda ardıcıl 3 dəfə məğlub olan Kanada millisi nəhayət ki, özünə gəlir. Şimali amerikalılar çempionatın sürpriz komandalarından olan Qazaxıstan yığması ilə oyunda səhvə yol verməyib. Hərçənd 47-ci dəqiqəyə qədər asiyalılar güclü rəqibinə ciddi müqavimət göstərib. Amma son dəqiqələrdə Kanada millisi təşəbbüsü ələ alaraq meydanı qələbə ilə tərk edib. Qazaxıstan – Kanada 2:4. Son iki oyunda uduzan Norveç millisi isə meydan sahibi Latviya yığmasını bullitlər sayəsində 4:3 hesabı ilə məğlub edib. Bu qrupa 10 xalla Finlandiya millisi başçılıq edir. Almaniya və ABŞ milliləri 9 xalla 2-3-cü yerləri bölüşdürür.