Latviyanın paytaxtı Riqada xokkey üzrə dünya çempionatı davam edir.  Yarışın 6-cı günündə maraqlı nəticələr qeydə alınıb.

A qrupunda ötən tur gözlənilmədən Slovakiya yığmasına məğlub olan Rusiya millisi yenidən azarkeşlərini sevindirib. Şimal qonşularımız Danimarka yığması ilə oyunda ilk hissədə  fərqlənə bilməsə də, fasilədən sonra hesabı açıb.  3-cü periodda ruslar daha 2 qol vurmağı vurublar.  3:0.  Qrupun digər qarşılaşmasında  isə gözlənilməz nəticə qeydə alınıb. Autsayderlərdən Böyük Britaniya millisi 59 ildən sonra ilk dəfə dünya çempionatında əsas vaxtda qalib gəlib.  Belarus yığması ilə oyunda ilk hissədə hesabı açan britaniyalılar fasiədən sonra qapısında şayba görüblər.  Ancaq Ikinci fasiləyə qədər daha iki qol vuran britaniyalılar 3-cü periodun əvvəlində rəqibini növbəti dəfə çətin vəziyyətə salıblar. Sonrakı dəqiqələrdə toparlanan Belarus yığması fərqi minimuma endirsə də, məğlubiyyətdən xilas ola bilməyib: Belarus – Böyük Britaniya 3:4. A qrupuna Slovakiya ilə Rusiya millilləri hərəyə 9 xalla başçılıq edir. İsveçrə millisi 6 xalla 3-cü yerdədir.

Daha bir gözlənilməz nəticə B qrupunda qeydə alınıb. 2-ci turda Finlandiya yığmasını məğlub edən Qazaxıstan millisi bu dəfə çempionatın iddialı komandalarından  Almaniya seçməsinə qalib gəlib. Hərçənd oyunun gedişində asiyalılar hesabda geriyə düşüb. Amma son periodda 2 qol vuran Qazaxıstan millisi Almaniya yığmasını 3:2 hesabı ilə məğlub edib. Beləliklə də, Almaniya millisi ardıcıl 3 qələbədən sonra uğursuzluq yaşayıb.  İlk 3 oyunda məğlub olaraq pley-off imkanlarını çətinə salan Kanada yığması isə nəhayət ki, azarkeşlərinin üzünü güldürüb. Hərçənd, şimali amerikalılar Norveç millisi ilə oyunda 2 şayba fərqi ilə hesabda öndə olsalar da, üstünlüyü əldən veriblər. Amma sonradan daha iki qol vuran Kanada xokkeyçiləri meydanı qalib kimi tərk ediblər. Kanada – Norveç 4:2. B qrupunda Almaniya yığması 9 xalla ilk pillədə qərarlaşıb. Lativya, Finlandiya və Qazaxıstan milliləri hərəyə 7 xalla 2-4-cü pillələri bölüşür.