Futbol üzrə milli komandamız 2021-ci ildə ilk yoxlama oyununa çıxır. Komandamız bu gün səfərdə Türkiyə millisinin qonağı olacaq.

Dünya çempionatının seçmə mərhələsinin ilk oyunlarından sonra qrupda qələbə qazana bilməyən Canni De Byazinin komandası sentyabr ayındakı növbəti görüşlər ərəfəsində Türkiyə ilə oyunun əhəmiyyəti optimal heyətin formalaşdırılması baxımından baxımından əhəmiyyətlidir. Elə baş məşqçi özü də Türkiyə ilə qarşılaşmanı millinin üzvlərinin hazırkı durumunu görmək baxımından vacib oyun hesab edir: “Rəqibə çətinlik yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Hər bir futbolçunun hazırkı durumunu görməliyik. Onları seçmə mərhələ oyunlarına hazırlamaq lazımdır. Düşünürəm ki, komandamız həm böyüyür, həm də inkişaf edir. Gələcəkdə hər şey daha yaxşı olacaq. Hər matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik. Əsas olan beynəlxalq arenada oyun təcrübəsi qazanmaqdır".

Qeyd edək ki, bu, millimizin qardaş ölkənin komandası ilə 8-ci dueli olacaq. Tərəflər indiyədək 3-ü yoldaşlıq, 4-ü rəsmi görüş olmaqla 7 dəfə üz-üzə gəlib. Millimiz bu oyunların yalnız birində qalib gəlib. 5 dəfə Türkiyə yığması qələbə qazanıb və 1 heç-heçə qeydə alınıb. Bu günkü qarşılaşma Alanya şəhərindəki Oba stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 21-də start götürən oyunu Kosovadan olan hakim Genc Nuza idarə edəcək.