Latviyanın paytaxtı Riqada xokkey üzrə dünya çempionatı davam edir. Cempionatın 5-ci günündə  favoritlər nəhayət k, öz statusunu doğrultmaya başlayıb. 

A qrupunda keçirdiyi ilk 2 oyunda gözlənilmədən məğlub olan İsveç millisi nəhayət ki, özünə gəlib. Skandinaviyalılar qrupun lideri İsveçrə yığması ilə oyunda final sirenasına qədər meydanda dominantlıq edib.  İlk hissədə rəqib qapısından iki şayba keçirən “Tre Krunnur” fasilədən sonra daha iki dəfə fərqlənib. Son periodda İsveç yığması mərkəzi avropalıları daha 3 dəfə meydanın mərkəzinə dəvət edib. İsveçrə - İsveç 0:7. Danimarka ilə  Böyük Britaniya arasındakı  oyun daha gərgin alınıb. İlk periodda gözlənilmədən hesabda geriyə düşən danimakalılar fasiləyə qədər vəziyyəti xeyrinə dəyişsə də,  3-cü hissədə böyük britaniyalılar yenidən fərqlənib. Overtaymın 4-cü dəqiqəsində Yensenin ötürməsini qola çevirən Lauridesen sayəsində Danimarka millisi Böyük Britaniya yığmasını 4:3 hesabı ilə məğlub edib. Maraqlıdır ki, danimarkalıların bu mundialda vurduğu 7 qolun hamısında Niklas Yensen iştirak edib. A qrupundakı vəziyyətə gəlincə, 3 turdan sonra Slovakiya yığması 9 xalla liderliyini davam etdirir. Rusiya və İsveçrə milliləri hərəyə 6 xal toplayıb.

B qrupunda da favoritlər meydanı qələbə ilə tərk edib. Ötən tur Kanada millisini 5:1 hesabı ilə darmadağın edən  Amerika Birləşmiş Ştatları yığması bu tura qədər qrupun lideri olan Qazaxıstan yığmasını 3 cavabsız şayba ilə məğlub edib. Şimali amerikalılar asiyalılarla oyunda hər hissədə bir qol vurub. Finlandiya millisi isə norveçlilərlə oyunda qapısını toxunulmaz saxlaya bilməsə də, daha məhsuldar oynayıb. Hərçənd ilk hissədə Norveç millisi rəqibinə daha ciddi müqavimət göstərib.  Fasilədən sonra təşəbbüsü ələ alan “Suomi” meydanı 5:2 hesablı qələbə ilə tərk edib. 3 turdan sonda B qrupuna Almaniya millisi 9 xalla başçılıq edir.  Latviya və Finlandiya yığmaları hərəyə 7 xalla 2-3-cü pillələri bölüşdürür.