Latviyanın paytaxtı Riqada hokkey üzrə dünya çempionatı davam edir. Çempionatın 3-cü günü də sensasiyalı nəticələri ilə yadda qalıb. A qrupunda ilk turda gözlənilmədən Danimarka millisinə məğlub olan çempionatın favoritlərindən olan İsveç millisi bu dəfə Belarus yığmasına məğlub olub. Belarusluların oyunda yeganə qolunu 3-cü periodda German Nesterov vurub. Beləliklə də Belarus millisi tarixində ikinci dəfə isveçliləri məğlub etməyi bacarıb. İlk dəfə şərqi avropalılar “Tre Krunnur”u 2002-ci ildə Olimpiadanın ¼ finalında məğlub etmişdi. Qrupun digər oyununda Slovakiya millisi Böyük Britaniya yığmasını 2:1 hesabı ilə məğlub edərək 6 xalla qrupun lideri Rusiya yığmasına şərik olub. Elə İsveçrə yığması da Danimarka millisini vurduğu yeganə qolla məğlub edərək xalını 6-ya yüksəltməklə liderlərə şərik olub.
B qrupunda keçirilən oyunlar da qəribə sonluğu ilə yadda qalıb. İlk turda Latviya millisinə 0:2 hesabı ilə məğlub olan Kanada millisi bu dəfə daha acıncaqlı vəziyyətlə üzləşib. Şimali Amerika derbisində “ağcaqayın yarpaqları” Amerika Birləşmiş Ştatları yığmasına 1:5 hesabı ilə məğlub olub. Beləliklə də, kanadalılar tarixində ilk dəfə dünya çempionatında ilk iki oyununda məğlub olub. Qrupun digər oyununda Qazaxıstan millisi möcüzəyə imza ataraq Finlandiya yığmasını bullilər sayəsində 2:1 hesabı ilə məğlub edib. Bu, Qazaxıstan millisinin finlər üzərində tarixdə ilk qələbəsidir. Norveç yığması isə İtaliyanı 4:1 hesabı ilə üstələməyi bacarıb. İki turdan sonra A qrupuna 6 xalla Almaniya millisi başçılıq edir. Qazaxıstan, Latviya və Finlandiya millilərinin hərəyə 4 xalı var.