Latviyanın paytaxtı Riqada xokkey üzrə dünya çempionatı davam edir.

Çempionatın ikinci oyun günündə bir sıra maraqlı nəticələr qeydə alınıb. A qrupunda ilk turda Çexiya yığmasını çətinliklə məğlub edən Rusiya millisi Böyük Britaniya komandasına xokkey dərsi keçib. İlk hissədə britaniyalılar şimal qonşularımızın qapısına yol tapsa da, ruslar növbəti hissələrdə rəqibinə heç bir şans verməyərək 7:1 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, görüş ərzində Rusiya millisi rəqib qapısına 42 zərbə endirib. İlk oyun günündə Latviya millisi Kanada yığmasını 2:0 hesabı ilə məğlub edib ilk senssasiyaya imza atmışdısa, bu dəfə səhnəyə Danimarka millisi çıxıb. Danimarkallar çempionatın favoritlərindən olan İsveç yığmasını gərgin keçən oyunda 4:3 hesabı ilə məğlub edib. Beləliklə də, “Tre Krunnur” tarixində ilk dəfə Danimarka yığmasına məğlub olub. Çexiya isə növbəti dəfə azarkeşlərini məyus edib. Rusiya millisinə məğlubiyyətdən sonra bu dəfə şərqi avropalılar İsveçrə yığması qarşısında aciz qalıb – 2:5.

B qrupunda isə Almaniya millisi ardıcıl ikinci qələbəsini qazanıb. İlk oyun günündə İtaliya yığmasını 9:4 hesabı ilə məğlub edən bundestim bu dəfə Norveç seçməsini 5:1 hesabı ilə darmadağın edib. Finlandiya – ABŞ oyunuda birincilər qalib gəlib. İlk və sonuncu periodda komandalar fərqlənə bilməsə də, oyunun müqəddəratına 2-ci hissədə aydınlıq gəlib. Finlər 9 dəqəqiə ərzində iki dəfə fərqlənməklə rəqibini çətin vəziyyətə salıbsa, amerikalıların gücü yalnız təsəlli qoluna çatıb: Finlandiya – ABŞ 2:1. İlk turda Kanada seçməsini 2:0 hesabı ilə məğlub edən Latviya millisinə gəlincə, meydan sahibləri gözlənilmədən çempionatın autsayderlərindən olan Qazaxıstan yığmasına bullitlərlə 2:3 hesabı ilə məğlub olub.