Latviyada xokkey üzrə dünya çempionatı start götürüb.

İlk oyun günündə maraqlı nəticələr qeydə alınıb. A qrupunda turnirin favoritlərindən olan Rusiya və Çexiya milliləri arasında oyun məhsuldar alınıb. Görüş boyunca Rusiya millisi 3 dəfə hesabda önə keçsə də, çexlər özündə cəsarət taparaq hər dəfə status-kvonu bərpa edə bilib. Amma oyunun sonuna 19 saniyə qalmış Mixail Qriqorenko Rusiya millisinin qələbə qolunu vurub: Rusiya – Çexiya 4:3. Qrupun digər oyununda Slovakiya millisi Belarusdan üstün olub. İlk periodda slovaklar rəqibin qapısından 3 cavabsız şayba keçirib. Fasilədən sonra komandalar fərqlənə bilməyib. 3-cü hissədə belaruslular qismən fəallaşıb rəqib qapısından 2 şayba keçirsə də, Slovakiya yığması hər dəfə rəqibinin cavabını verə bilib: Belarus – Slovakiya 2:5.

B qrupunda isə günün sensasiyalı nəticəsinə Latviya millisi imza atıb. Meydan sahibləri çempionatın favoriti Kanada millisinin qapısından 2 cavabsız şayba keçirərək tarixində ilk dəfə bu rəqibi üzərində qalib gəlib. Latviyalılar ilk hissədə İndraşislə hesabı açıbsa, fasilədən sonra Batna hesabı artırıb. Son periodda kanadalılar təşəbbüsü ələ alsa da, istəyinə çata bilməyib: Kanada – Latviya 0:2. Qrupun digər oyununda Almaniya millisi çempionatın autsayderlərindən olan İtaliya yığmasını 9:4 hesabı ilə məğlub edib.