Bu gün Latviyanın paytaxtı Riqa şəhərində xokkey üzrə dünya çempionatı start götürür. İyunun 6-na qədər keçiriləcək 84-cü mundialda ənənəvi olaraq 16 komanda çıxış edəcək. A qrupunda Rusiya, İsveç, Çexiya, İsveçrə, Slovakiya, Danimarka, Böyük Briniya və Belarus, B qrupunda isə Kanada, Finlandiya, ABŞ, Almaniya, Latviya, Norveç, İtaliya və Qazaxıstan mübarizə aparacaq. Qruplarda ilk 4 pilləni tutan komandalar isə pley-offa vəsiqə qazanacaq. ¼ final mərhələsi iyunun 3-də start götürəcəksə, çempionat iyunun 6-da başa çatacaq.
Mundialın favoritlərinə gəlincə, Kanada ilə Rusiya millisinin imkanları yenə də digər rəqibləri ilə müqayisədə daha yüksək dəyərləndirilir. Amma Rusiya millisi sonuncu dəfə 2014-cü, Kanada yığması isə sonuncu dəfə 2016-cı ildən bəri çempionatın qalibi ola bilmir. Bu müddət ərzində isə ardıcıl 2 dəfə İsveç xokkeyçiləri qızıl medallara sahib çıxıbsa, sonuncu dəfə 2019-cu ildə Finlandiya yığması çempion olmuşdu. 2020-ci ildə isə koronavirus pandemiyasına görə mundial ləğv edilmişdi. Elə bu səbəbdən bu il dünya çempionatı tarixdə ilk dəfə azarkeşsiz keçiriləcək. Amma yayılan son məlumatlara görə, turnirin gedişində fan-zonalar təşkil edilə bilər.